Özünüməşğulluq proqramında iştirak bir neçə mərhələdən ibarətdir.
- İlk növbədə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və "DOST" Mərkəzlərində qeydiyyata alınmaq lazımdır.
- Məşğulluq orqanlarında qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur və biznesin təşkili ilə bağlı təlim kurslarına cəlb edilirlər. Təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər.
- Kursları başa vuran şəxslərin hazırladıqları biznes plan üzrə qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən şəxslər aktivlərlə təmin olunurlar. Bu aktivlər bir il müddətində müqavilə əsasında verilir və bu müddət ərzində müvafiq monitorinq işləri həyata keçirilir.
- Müqavilə müddətinin sonunda həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.