Haqqımızda

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların səmərəliliyini təmin etmək üçün ilk növbədə əhalinin iqtisadiyyatın müxtəlif sahələrində çalışa biləcək ixtisaslı və peşəkar kadrların hazırlanmasına ciddi ehtiyac duyulur. Qabaqcıl beynəlxalq təcrübə əsasında müvafiq mütəxəssisləri hazırlamaq və onların bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi yaradılmışdır.

Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış vətəndaşlar peşə və ya ixtisaslara malik olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmadığı halda onlar üçün əmək bazarına çıxış imkanına yiyələnmələri məqsədilə işəgötürənlərin mövcud tələblərinə uyğun peşə və ixtisaslar üzrə hazırlıq kursları təşkil edir. Peşə hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07.06.2019-cu il tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na uyğun olaraq həyata keçirilir.

Bakı Peşə Hazırlığı Mərkəzi vasitəsilə işçi heyətin bilik və bacarıqlarının artırılması, eləcə də müasir əmək bazarının tələblərinə cavab verən, ölkə üçün mühüm əhəmiyyət kəsb edən yüksək keyfiyyətli ixtisaslı kadrların hazırlanması nəzərdə tutulmuşdur ki, bu da ölkənin həm iqtisadiyyatının inkişafında, həm də məşğulluğun artırılmasında mühüm rol oynayacaq. Peşə hazırlığı əmək bazarının tələblərinə cavab verən tədris proqramları təlim materialları əsasında ixtisaslaşdırılmış müəllim-pedaqoji heyət tərəfindən həyata keçirilir.

Bakı Peşə Hazırlığı Mərkəzində peşə hazırlığını müvəffəqiyyətlə bitirən şəxslər sertifikatla təmin olunduqdan sonra işlə təmin olunmaq imkanını əldə edirlər. Peşə hazırlığı müddətində işsiz şəxslərə, eləcə də “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.

Bakı Peşə Hazırlığı Mərkəzində təşkil olunan  peşə hazırlığına cəlb olunmaq üçün vətəndaşlar Qazax, Gədəbəy, Tərtər, Goranboy  və Bakı şəhərləri üzrə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” Mərkəzlərinə müraciət edərək məlumat əldə edə bilərlər.